Bu yay Avropa futbolunda kifayət qədər transfer baş tutsa da, son anda gerçəkləşməyən transferlər də az olmadı. Apasport.az saytının məlumatına görə, Kevin Qrosskroyts, David de Xea kimi futbolçuların baş tutmayan keçidləri buna bariz nümunədi.
Dünya futbolunda isə ilk dəfə deyil ki, belə hal baş verir. Bu vaxta qədər qəribə səbəblərdən baş tutmayan transferlər o qədərdi ki...
Robert Levandovski
Hazırda “Bavariya”nın formasını geyinən Levandovski 2010-cu ildə “Lex”də oynayanda İngiltərə təmsilçisi “Bləkbörn”ün maraq dairəsinə düşür. Baş məşqçi Sem Ellerdaysın istəyi ilə İngiltərəyə çağırılan Levandovski ora gedə bilmir. Səbəb isə həmin il İslandiyada baş vermiş vulkan səbəbindən o istiqamətdə təyyarə uçuşlarının təxirə salınması olur. Nəticədə “Bləkbörn”ə keçidi baş tutmayan Levandovski “Borussiya” ilə müqavilə imzalayır.
Zlatan İbrahimoviç
“Arsenal”ın baş məşqçisi Arsen Venger 2000-ci ildə İbrahimoviçi komandasına baxışa dəvət edir. Lakin gələcəyin ulduzu “Zlatan baxışa getməz” cavabını verdiyindən, “topçular” bu transferdən imtina edirlər.
Neymar
“Barselona”nın ulduz futbolçusu Neymarı 2013-cü ildə “Mançester Siti” transfer etmək istəyir. Ancaq “sambaçı” İngiltərədə yağışın çox yağdığını əsas gətirərək, palçıqlı meydançalarda futbol oynamaq istəmədiyini bildirir və təklifi rədd edir.
Emmanuel Adebayor
“Tottenhem”də əsas heyətə düşə bilmədiyi üçün bu il komandadan ayrılacağı gözlənilən Adebayora “Aston Villa”dan təklif gəlir. Ancaq toqolu hücumçu “Transfer olmaq üçün Tanrıdan işarə gözləyirəm. O işarə gəlməyincə, transfer ola bilmərəm” deyərək, təklifi qəbul etmir.
Fabio Borini
2014-cü ildə “Liverpul”un yolları ayırmaq istədiyi Borini “Sanderlend”in təklifinə sevgilisinin həmin şəhərdə yaşaya bilməyəcəyini əsas gətirərək, “yox” deyir. Maraqlıdı ki, cəmi 1 il sonra Borini məhz “Sanderlend”lə müqavilə imzalayası olur.
Matyu Le Tisye
16 il “Sauthempton” forması geyinən Tisye 1989-cu ildə “Tottenhem”ə keçməyə çox yaxın olur. Ancaq futbolçunun həyat yoldaşı Londonda yaşamaq istəməyincə, son anda keçid baş tutmur.