Qadın taekvondoçularımız Avropa Oyunlarına necə hazırlaşır?
Azərbaycanın taekvondoçu qızları ölkəmizə medal gətirməkdə heç də oğlanlardan geri qalmırlar. Elə bir neçə gün bundan öncə Moldovada keçirilən yarışdan 9 medalla qayıdan idmançılarımız arasında qızlar da var. Onlardan 67 kiloqram çəki dərəcəsində yarışan Fəridə Əzizova rəqibini məğlub edərək birinci yerə layiq görülüb.
6 ölkədən 449 idmançı arasında fərqlənən taekvondoçularımızı indi daha məsuliyyətli yarışa - dünya çempionatına hazırlaşırlar. Odur ki, idmançılarımız gün ərzində bir neçə dəfə məşq edilər. Çünki bu oyunlarda uğurlu nəticə əldə edərlərsə, "Bakı 2015" Avropa Oyunlarında doğma arenada çıxış etmək imkanı qazanacaqlar.
“Bakı 2015” Avropa Oyunlarında ölkəmizi 4 qadın taekvondoçusu təmsil edəcək. Ancaq onların adları hələlik bəlli deyil. Bu, may ayında keçiriləcək Dünya Çempionatından sonra bəlli olacaq.
Baş məşqçi Sun Mi Park davamlı məşq etdirir, idmançıların psixoloji hazırlığına nəzarət edir. Tapşırıqlarını Azərbaycan dilində verən baş məşqçi Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılarımızın medal əldə etmələri üçün bacarıqlarını əsirgəmir.
Fəridə Əzizova 2009-cu ildə yeniyetmələr arasında Xorvatiyada keçirilən Avropa çempionatının bürünc mükafatçısı, 2012-ci ildə Misirdə, gənclər arasında dünya çempionatının qızıl mükafatçısı və 2013-cü ildə Moldovanın Kişinyov şəhərində keçirilən 16-21 yaşlılar arasında Avropa çempionatının qalibi olub.
Fəridə Əzizova İlk Avropa Oyunları Bakıda keçirilməsindən qürur hissi duyduğunu deyib: “İlk Avropa Oyunları Bakıda keçirildiyi üçün qürur hissi keçiririk ki, bu şansı bizə verdilər. Məşqlər, gördüyünüz kimi, böyük səviyyədə keçirilir. Hər gün məşq edirik. Davamlı məşğul oluruq. Dünya çempionatına tam ciddi hazırlaşırıq. Heç kim ora uduzmaq üçün çıxmaz. Azərbaycan idmançısı kimi son nəfəsimizə qədər çalışacağıq ki, qalib olaq".
10 ildir taekvondo ilə məşğul olan Günay Ağakişiyeva Avropa Oyunlarının Bakıda keçirilməsini sevinc hissi ilə qarşıladığını deyir: "10 ildir bu idman növü ilə məşğulam. Günə üç məşq idi. İndi azaltmışıq, iki məşqdir. Hazırlıqlarımız yaxşı gedir. İnşallah qələbə ilə qayıdacağıq".
Birinci Avropa Oyunları müddətində taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. Taekvondo idmanı dörd çəki kateqoriyasından ibarətdir. Dörd yarış günü ərzində ümumilikdə 128 kişi və qadın idmançı mübarizə aparacaq.
186