Martın 19-da Gürcüstanın paytaxtı Tiflisdə böyüklər arasında keçiriləcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandalarının heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, məşqçilər heyəti olimpiya çempionları və mükafatçılarının əksəriyyətinə istirahət verməyi qərara alıb.
Sərbəst güləş yarışlarında ölkəmizi Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) təmsil edəcək. Yığmamız baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edəcək. Olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifova isə istirahət verilib.
Qadın güləşi üzrə yığmamızın heyətində Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb. Komandanı çempionata baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayev hazırlayıb. Olimpiya vitse-çempionu Mariya Stadnik isə heyətə salınmayıb.
Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi və böyük məşqçi Nasir Nurbaxış Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Rodomir Petkoviçə (120 kq) şans verəcək. Olimpiya vitse-çempionu Rövşən Bayramovla bürünc mükafatçı Emin Əhmədov çempionata aparılmayacaq.
Proqrama əsasən, martın 19, 20, 21 və 22-də sərbəst və qadın güləşi üzrə, 23-24-də isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.