“Qarabağ”la yolları ayrılan Muarem Muarem gözlənildiyi kimi, Türkiyənin “Əskişəhərspor” klubuna keçib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, makedoniyalı futbolçu yeni komandası ilə rəsmi müqavilə imzalayıb.
Razılaşmaya əsasən, Muarem qarşıdakı 3 ili “Əskişəhərspor”da keçirəcək.
Klub rəsmisi Ahmet Yalçın açıqlamasında 27 yaşlı futbolçunu çoxdan transfer etmək istədiklərini bildirib: “Muaremi qışda da almağı çox istədik, amma bu günə qismət imiş. “Qarabağ”da mövsümü əla keçirdi. İnanırıq ki, “Əskişəhərspor”a da əlavə güc qatacaq”.
Müqaviləyə qol çəkdikdən sonra Muarem özü də fikirlərini bölüşüb: “Əskişəhərspor”da uğur qazanmaq istəyirəm. Dövrələrarası fasilədən bəri komandanın bütün oyunlarını seyr edirdim. Bu kluba keçdiyim üçün xoşbəxtəm”.
Qeyd edək ki, Muarem karyerası ərzində “Qarabağ”dan öncə, “Teteks”, “Orduspor”, “Rabotniçki” klublarının da formasını geyinib.