Martın ortalarında Milli Olimpiya Komitəsinin (MOK) hesabat-seçki Baş Məclisi keçiriləcək. Bu haqda Lent.az-a qurumun baş katibi Ağacan Abiyev məlumat verib.
O bildirib ki, toplantıda ötən olimpiya tsiklində görülmüş işlərin hesabatı veriləcək. Bununla əlaqədar, bütün olimpiya növləri üzrə federasiyalar da müvafiq konfranslar keçirərək, bu barədə MOK-u məlumatlandırmalıdır. Eyni zamanda MOK-un İcraiyyə Komitəsi üzvlərinin tərkibində dəyişiklik və ya əlavələr ediləcək: “Ola bilər ki, komitə üzvlərindən kimsə istefa versin və yeni olimpiya çempionları üzv qəbul olunsun”.
Bundan əlavə, konfransda 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq məqsədilə İşçi Qrup yaradılacaq.
Qeyd edək ki, MOK-un hazırkı prezidenti, dövlət başçısı İlham Əliyevdir. O, 2008-ci il dekabrın 26-da növbəti 8 il müddətinə qurumun prezidenti seçilib. MOK-un İcraiyyə Komitəsinin isə 17 üzvü var.