Məşəl Avropa Oyunlarının keçiriləcəyi idman arenalarına aparıldı
08 iyun 2015 20:16 (UTC +04:00)

Məşəl Avropa Oyunlarının keçiriləcəyi idman arenalarına aparıldı

Aprelin 26-da Atəşgah məbədində alovlandırılan "Bakı-2015"in Məşəli paytaxt Bakını dolaşmaqda davam edir. Bu gün Alov Bakıda davam edən səyahətinin ikinci günündə Avropa Oyunlarının keçiriləcəyi 18 idman obyektindən 9-a səfər edib.
 
Alov bugünkü səyahətinə Veloparkdan başlayıb. Məşəli İntellektual Oyunların qalibi Balaş Qasımov daşıyıb. Sonra Alovu Azərbaycanın sinxron üzgüçülük üzrə milli komandasının üzvü Tatyana Nikitina Bakı Su İdmanı Mərkəzi boyunca aparıb.
 
Məşəli Basketbol Arenasında Azərbaycan idmançısı Elxan Əliyev daşıyıb. Daha sonra Alov Dağ Velosipedi Parkında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucova verilib.
 
Güləş üzrə ikiqat olimpiya çempionu, dünya və Avropa çempionu Mariya Stadnik məşəli Heydər Əliyev adına arenaya gətirib. O, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük tarixi hadisə olduğunu bildirib: "Mənə təklif ediləndə ki, məşəli Bakıda daşıyanlardan biri də mən olum, bu mənim üçün gözlənilməz oldu. Eyni zamanda Birinci Avropa Oyunlarının iştirakçılarından biri olacağım üçün qürur duyuram".
 
Daha sonra məşəl Milli Gimnastika Arenasına yola salındı.
 
Bakı 2015 Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Milli Gimnastika Arenası oldu. Bu dəfə məşəli bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu Marina Durunda gətirdi: "Mən çox xoşbəxtəm. Birinci Avropa Oyunlarının iştirakçısı olduğum üçün özümü şanslı hesab edirəm. Mənə böyük etimad göstərilib. Ölkəmi bu yarışlarda layiqincə təmsil etməyə çalışacağam".
 
Sonra məşəl Tofiq Bəhramov adına Respublika stadionuna yola salındı. Burada alovu  Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə qarşılayacaq. Məşəlin bu günlük son dayanacağı isə Bakı Kristal Zalı olacaq. Orada London Olimpiadasının bürünc medalçısı Məmmədrəsul Məcidov məşəli qəbul edəcək.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329
avatar

Oxşar yazılar