<span style="color:red;">Mahmud Qurbanov:  "Onlardan tam imtina etməyi düşünmürəm" <span style="color:red;">- MÜSAHİBƏ
21 oktyabr 2014 18:29 (UTC +04:00)

Mahmud Qurbanov: "Onlardan tam imtina etməyi düşünmürəm" - MÜSAHİBƏ

0

Azərbaycan yığmasının baş məşqçisi funksiyasını yerinə yetirən Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi.

- Yəqin ki, çoxlu təbriklər almısız...

- Təbriklər haqda xüsusi danışmaq istəməzdim. Çünki mən sadəcə, baş məşqçi əvəziyəm. Amma belə təbii ki, tanışlardan təbriklər aldım.

- Bu postda günləriniz necə keçir?

- Mənə bu postu müvəqqəti tapşırıblar. Amma şübhəsiz ki, məsuliyyət çox böyükdü. Gecə-gündüz qarşıdakı Norveç oyunu haqda düşünürəm. Çünki nəticəyə məhz mən cavabdeh olacam.

- Berti Foqts sizinlə əlaqə saxlayıb, nəsə məsləhət verib?

- Hələ ki, ondan zəng gəlməyib. Mənlə Aslan Kərimov onun məşqçilər korpusunda yer almışdıq. Çox istərdim ki, Azərbaycan yığmasının baş məşqçisi postundakı yeganə oyunumda layiqli nəticə qazanım.

- Yaxşı oyun və nəticə olacağı halda, bu postda qalacağınıza dair düşüncələr var?

- Xeyr, bu, çətin ki, baş versin. Hazırda Azərbaycan yığmasına təcrübəli bir məşqçi lazımdı. Amma əlbəttə, yaxşı oyun sərgiləyib, nəticə qazanmağa çalışacam.

- Yəqin ki, yeni baş məşqçinin rəhbərliyi altında çalışacağınıza dair ümidiniz də var?

- Kimin təyin olunacağını bilmirəm. Amma yəqin ki, millidəki çıxışımı davam etdirəcəm. Bütün bunlar gələcəyin mövzusudu. İndi bütün diqqətim qarşıdakı oyuna yönəlib.

- Təyinatınızdan sonrakı ilk açıqlamanızda legionerlərdən imtina edəcəyinizi açıqlamısız...

- Hamısından imtina etməyi düşünmürəm. Böyük ehtimalla Dmitri Nazarovu dəvət edəcəm. O, son oyunlarda göstərdi ki, komandamıza lazımdı.

- Bəs qalanları?

- Hələlik, onların xidmətindən yararlanmaq haqda düşünmürük.

- Vaqif Cavadovla Mahir Şükürova dəvət göndərəcəksiz?

- Norveçlə oyunda təcrübəli futbolçulara ehtiyacımız olacaq. Cavid İmamverdiyevlə Rəhman Hacıyevə də dəvət göndərməyi planlaşdırıram. Yığmada oyun təcrübəsi olan futbolçular çıxış etməlidi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1184

Oxşar yazılar