Litva prezidenti Dalya Qribauskayte ABŞ-dan olan qadın fiqurlu konkisürən İzabella Tobiasa istisna hal kimi vətəndaşlıq verməkdən imtina edib. Lent.az-ın “Delfi”yə istinadən məlumatına görə, ölkə rəhbəri bunu Litva konstitusiyasındakı maddələrlə izah edib.
Ali qanunda göstərilib ki, vətəndaşlıq yalnız ölkə qarşısında ciddi xidmətlər qarşılığında istisna hallarda verilə bilər. Prezident Administrasiyasının hüquq şöbəsinin rəhbəri Ruta Svetikayte vətəndaşlığı hədiyyə kimi qələmə verməməyin gərəkliyini bildirib. Onun fikrincə, ABŞ konkisürəni mütləq meyarlar sayılan dövlət qarşısında xidmətlər və Litva cəmiyyətinə inteqrasiyadan heç birinə uyğun gəlmir: “Tobias gələcəkdə mümkün xidmətləri kimi Litva bayrağı altında idman nailiyyətlərinə baxılmasını təklif edirdi. Lakin bunlar vətəndaşlıq üçün müsbət qərara tutarlı səbəb ola bilməz. Vətəndaşlıq - mahiyyətcə dövlətlə hüquqi bağlılığın təsdiqidir. Bu, hansısa akt deyil ki, onun əsasında hər hansı şəxs xırda problemlərlə ölkəyə gəlsin və xeyrini görsün. Vətəndaşlıq – hədiyyə də deyil. Bu, dövlət mükafatı sayıla bilməz”.
Qeyd edək ki, İzabella Tobias litvalı Deyvidas Staqnyunasla birgə fiqurlu konkisürmə yarışlarına qatılır. O, hazırda Litvanı təmsil etsə də, Qış Olimpiya Oyunlarında bu ölkənin bayrağı altında yarışa bilmir.