Klublarımızın uğursuz seçimləri, yaxud altı aylıqlar...
01 mart 2018 11:47 (UTC +04:00)

Klublarımızın uğursuz seçimləri, yaxud altı aylıqlar...

Azərbaycan klublarının ən böyük nöqsanlarından biri də uğursuz transfer seçimləridi. Apasport.az saytının məlumatına görə, bunun başlıca səbəbi hələ də videogörüntü ilə oyunçu gətirilməsi, 1-2 sınaq matçına əsasən qərar verilməsidi.

 

Belədə bəh-bəhlə gələnin çox keçmədən videoda göründüyü kimi çıxmadığı, yoxlama görüşündəki performansının təsadüfi olduğu aşkarlanır. Elə cari mövsümün əvvəlində böyük ümidlərlə ölkəmizdə klub dəyişdirən və ya Azərbaycana gələn futbolçulardan 25-i az sonra yola salındı. Bu da Premyer Liqa təmsilçilərində transfer işlərinin düzgün aparılmamasından xəbər verir.

 

 

Transfer məsələsində nümunəvi hesab edilən “Qarabağ”da belə, 6 aylıq futbolçu oldu. Belə ki, yay fasiləsində son anda “Olimpiakos”dan icarəyə götürülən Tarik Elyunussi heç cür özünü göstərə bilmədi və yeni macəra axtarışı üçün İsveçə yollandı.

 

“Qəbələ”nin mövsümün əvvəlində gətirdiyi əcnəbilərdən 4-ü baş məşqçi Roman Qriqorçukun gözünə girməyi bacarmadı. Xavi Ernandes Qonzales avrokubok matçlarından dərhal sonra yola salındısa, Endi Hallidey, Deyv Bultuis və yenidən qayıdan Ekiqo Ehiosunun “Qəbələ” karyerası uğurlu alınmadı. Halbuki onlar müvafiq olaraq “Reyncers”, “Nürnberq”, “Qaziantep BB” kimi komandalardan alınmışdılar.

 

“Zirə”də də vəziyyət fərqli olmadı. Avrokubokda özünü yaxşı tərəfdən göstərən Kervens Belfort çempionatın startını gözləmədən sanki ölkəmizdən qaçdı. David Manqa və Qabriel Matey isə 6 ay dözə bildi. Hər iki oyunçu özü ayrılmaq fikrinə düşdü və başqa ölkəyə köçdü. Yusif Nəbiyevin icarə müddəti iki dövrə çəkdisə, Premyer Liqada keçirdiyi 5 oyunda 1 qol vuran Nicat Qurbanov “Sumqayıt”a keçdi.

 

“Qarabağ” kimi, “Sumqayıt” və “Neftçi” də yayda gətirdiyi oyunçulardan yalnız 1-ni qışda göndərdi. Xüsusən də, bakılıların Mateo Mujeklə vidalaşmaq üçün uzun müddət səylə çalışmasını vurğulamaq lazımdı.

 

“Səbail” və “Kəpəz”də isə vəziyyət daha acınacaqlı oldu. Mövsümlərarası fasilədə yeni kollektiv yaradan çempionatın debütantı cəmi 6 aydan sonra 9 futbolçusunun lazımsız olduğunu anladı. Baş məşqçi dəyişikliyindən sonra köklü dəyişikliyə əl atan “Kəpəz”də isə əvvəlki baş məşqçinin yayda gətirdiyi 6 oyunçu Yunis Hüseynovun tələblərinə uyğun gəlmədi.

 

Yalnız “Keşlə”nin belə bir problemi olmadı. Bu da komandanın transfer qadağası üzündən yayda heç kimlə anlaşa bilməməsindən qaynaqlandı.

 

 

Klubların yayda gətirib, qışda yola saldıqları oyunçuların Premyer Liqadakı göstəriciləri:

 

“Qarabağ”

Tarik Elyunussi: 4 oyun

 

“Qəbələ”

Endi Hallidey: 3 oyun

Deyv Bultuis: 4 oyun

Ekiqo Ehiosun: 6 oyun

 

“Zirə”

Nicat Qurbanov: 5 oyun, 1 qol

David Manqa: 13 oyun

Qabriel Matey: 10 oyun

Yusif Nəbiyev: 7 oyun

 

“Sumqayıt”

Ramil Hasanov: 4 oyun

 

“Neftçi”

Mateo Mujek: 2 oyun

 

"Səbail"

Təyyar Məmmədov: 4 oyun

Yamin Ağakərimzadə: 3 oyun

Emin Mehdiyev: 2 oyun

Raul Yaqubzadə: 5 oyun

Seymur Əsədov: oynamayıb

Amit Quluzadə: 6 oyun

Murad Musayev: 1 oyun

Edqaras Zarskis: 10 oyun

Adrian Popoviçi: 9 oyun, 1 qol

 

“Kəpəz”

Azər Məmmədov: 6 oyun

Ruzi Qiyaslı: oynamayıb

Aydın Qasımov: 2 oyun

Sergey Çernışev: 10 oyun

Viktor Oseqeyl: 12 oyun, 1 qol

Samba Dialo: 11 oyun

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

ApaSport TV

Oxşar yazılar