Türkiyə PTT 1-ci liqanın bitməsinə bir neçə həftə qalmış çempionluğunu elan etmiş “Kayserispor” kubokuna mayın 17-də qovuşacaq. Apasport.az saytının məlumatına görə, həmin gün öz meydanında “Karşıyaka”nı qəbul edəcək “sarı-qırmızılar”a matçdan sonra xüsusi mərasimlə kubok təqdim olunacaq.
Klubun mətbuat xidmətinin rəhbəri Rifat Pəhlivanın yerli mediaya verdiyi məlumata görə, klub rəhbərliyi əsl festival havasında keçəcək bir tədbir hazırlayıb. Üstəlik kuboku komandaya ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edəcək.
Yeri gəlmişkən, Türkiyə Futbol Federasiyası Nizam İntizam Komitəsi tərəfindən bir oyun azarkeşsiz oynama cəzası almış “Kayserispor”un cəzası məhz bu mərasimə görə ləğv edilib.
Xatırladaq ki, milli komandamızın qapıçısı Kamran Ağayev hazırda Kayseri təmsilçisinin şərəfini qoruyur.