Futbol üzrə Azərbaycan milli komandası və “Bakı” klubunun qapıçısı Kamran Ağayev indiyədək legioner həyatı yaşamamasına aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, Ağayev Lent.az-a açıqlamasında yalnız böyük komandaların qapısını qorumağa hazır olduğunu bildirib.
O deyib: “Əvvəllər bildirmişdim ki, 25 yaşımda Azərbaycandan kənara çıxıb futbol oynamaq istəyirəm. Əgər alınmasa, getməyəcəyəm. Artıq 27 yaşdayam. Daha hansısa aşağı səviyyəli komandada oynamaq istəmirəm. Gedirəmsə, böyük klublara getmək istəyirəm. Əvvəllər aşağı səviyyəli klublarda oynayaraq, böyük komandalara özümü göstərməyi fikirləşirdim. Hazırkı yaş dövrümdə isə yalnız böyük klublardan təklif olsa, gedərəm”.
Təcrübəli qapıçı “Bakı”nın heyətində son matçını İspaniya “Atletiko”suna qarşı keçirib. O, yoldaşlıq görüşündə qapısından 1 top buraxıb. Ağayev “Atletiko”nu da böyük klublardan sayıb. Lakin qolkiper Belçika, Yunanıstan komandalarında, eləcə də Almaniya Bundesliqasında ilk “6-lıq”dan aşağıda olan klublarda oynamaq istəmir: “Belə komandalardan təklif də olsa, getmərəm. Bunu menecerlər də bilirlər. Təklif olsa, yüksək səviyyəli komandalara gedə bilərəm”.
Ağayevin xaricdə çıxış etməsini əngəlləyən səbəblər arasında əsgərlik problemi də göstərilir. Qapıçının özü isə hərbi xidmətə hər zaman hazır olduğunu deyib: “Bizə ilk növbədə, dövlətimiz lazımdır. Nə vaxt çağırış gəlsə, əsgərliyə də gedərəm. Hələ ki, futbol oynayıram. Vətənin keşiyində durmağa isə hər zaman hazıram”.