Azərbaycan idmançısı Hayle İbrahimov atletika üzrə Avropa çempionu olub. Lent.az-ın məlumatına görə, efiopiyalı legioner İsveçin Göteborq şəhərində qapalı salonda keçirilən qitə çempionatında 3000 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb.
O, seçmə mərhələdə olduğu kimi finalda da bütün rəqiblərini üstələyib. 23 yaşlı atletimiz finişə 7 dəqiqə 49,74 saniyəyə çatıb. İbrahimov ən yaxın izləyicisi, ispaniyalı Xuan Karlos Hiqueronu 0,52 saniyə qabaqlamağı bacarıb. Bürünc medala isə irlandiyalı Siaran Olionaird sahib olub. Həlledici mərhələdə ümumilikdə 12 atlet yarışıb.
İbrahimov çempionatın rəsmi saytına açıqlamasında qızıl medal qazandığı üçün çox xoşbəxt olduğunu deyib: “Bu, ölkəm üçün belə böyük çempionatlar tarixində ilk qızıl medaldır. Növbəti hədəfim isə avqustda Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatında 5000 metr məsafəyə qaçışda medal qazanmaqdır”.
Qeyd edək ki, Hayle İbrahimov Avropa çempionu olmaqla, təkcə öz karyerası ərzində deyil, müstəqil Azərbaycanın atletika növü tarixində ən böyük uğura imza atıb. Daha öncə heç bir atletimiz nəinki olimpiya və dünya, heç Avropa çempionu olmayıb. İbrahimov həm də böyüklərin yarışında ilk dəfə qızıl medala yiyələnib. O, 2011-ci ildə qitə çempionatını gümüş, 2010-cu ildə isə bürünc medalla başa vurub. İbrahimov 2012-ci il London Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçışda finaladək yüksəlsə də, 9-cu olub.