Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib.
Apasport.az saytının məlumatına görə, mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin (57 kq) ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.
Hacı 1/4 finalda Vladimir Xinçeqaşviliyə (Gürcüstan) məğlub olub. London-2012-nin finalçısı olan Xinçeqaşvili həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb.
Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə qalib gələn pəhləvanımız bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Vladimir Dubovu mübarizədən kənarlaşdırıb. İkinci periodda 5:4 hesabı ilə irəlidə olarkən rəqibinin kürəyini xalçaya vurmağı bacaran Hacı təmiz qələbə ilə bürünc medal qazanıb.