“Lixtenşteyn yığması ilə yoldaşlıq oyununa marağın yüksək olması sevindiricidir”. Lent.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts fevralın 6-da keçirəcəkləri yoldaşlıq görüşü öncəsi mətbuat konfransında deyib.
O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplantısı zamanı futbolçuların həvəslə məşq etməsinə də sevindiyini bildirib. Foqts qeyd edib ki, bir neçə təcrübəli futbolçu toplanışa gəlməyib. Onları gənclər əvəzləyib ki, bu da rəqabətin artmasından xəbər verir.
Almaniyalı mütəxəssis martda Lüksemburq və Portuqaliya milliləri ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarına çıxacaqlarını xatırladıb. Onun fikrincə, hər iki qarşılaşma yığmamız üçün çətin keçəcək. Ona görə də millinin tərkibi geniş olmalıdır.
Foqts hazırkı toplanışın bəzi futbolçular üçün son şans olduğunu da açıqlayıb: “Bu barədə onlara məlumat vermişəm. Mən futbolçunun məşqdəki hazırlığından sonra qərar qəbul edirəm. Futbolçu üçün iki məqsəd var: Oyuna qələbə əzmi ilə çıxmaq və qələbə qazanmaq. Bu iki amili dərk etsələr, inkişaf olacaq. Sevindirici haldır ki, bu gün milliyə gənc futbolçular dəvət olunurlar. Bu, aşağı yaş qrupu üzrə yığma komandalarda işlərin düzgün qurulduğunu göstərir”.
Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.