Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyə çempionatının I divizion komandası “Kayseri Erciyesspor”a lazım olmayan futbolçu Cihan Özkaraya ehtiyac duyub. Lent.az-ın məlumatına görə, Foqts Özkaranı yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına çağırıb.
Gənc hücumçu ilkin siyahıda yığmamızın ehtiyat heyətində yer almışdı. Baş məşqçinin qərarı ilə o, fevralın 1-dən millimizin hazırlıq prosesinə qatılacaq. Həmin gün forvard Özbəkistan yığması ilə yoxlama oyununda, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşündə çıxış edə bilər.