Topaz Premyer Liqasında fevralın ən yaxşı qolunun müəllifi olan “İnter”in futbolçusu Asif Məmmədov mükafatlandırılıb. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında keçirilən səsvermə nəticəsində Məmmədov 22539 səsdən 10561-ini (48 faiz) qazanıb.
O, ən yaxın izləyicisi Ender Günlünü (“Turan”) 335 səs geridə qoyub. Günlü ümumi səslərin 45 faizini əldə edib. PFL və Premyer Liqanın baş sponsoru Topaz tərəfindən Məmmədova xüsusi mükafat, eləcə də 1000 manat pul verilib.
Məmmədov səs verənlərə təşəkkür etdikdən sonra Azərbaycan milli komandasına çağırılmamasına münasibət bildirib: “Əvvəllər deyirdilər ki, oynamırsan, zədən var. Bu mövsüm isə “İnter”in bütün oyunlarında meydana çıxmışam. Amma heç yığmanın 3 günlük seleksiya xarakterli təlim-məşq toplantısına da çağırmırlar. Çağırsaydılar da, getmək ürəyimcə olmayacaqdı. Çünki həmin toplanışdan heç kimi milliyə götürməyiblər. Özümə də maraqlıdır ki, Foqts niyə məni yığmaya çağırmır?”
PFL prezidenti Ramin Musayev isə bu məsələdə yığmamızın baş məşqçisini yox, seleksionerlərini günahlandırıb: “Foqts bütün oyunları izləyə bilmir. Onları seleksiyaçılar məlumatlandırmalıdırlar”.