FIFA-nın prezidenti Yozef Blatter affa.az saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir...
- Bir neçə ay öncə Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı təşkil olundu. Turnirin təşkilatçılığı ilə bağlı təəssüratlarınız necədir?
- Bu turnir ilk dəfə idi ki, bir müsəlman ölkəsində keçirilirdi və bu amil futbolun bütün cəmiyyətlərdə inkişaf etməsi üçün çox faydalıdır. Bu baxımdan həmin çempionat tarixi önəm daşıyan bir hadisə idi. Təşkilati işlərdə isə hər şey mükəmməl səviyyədə idi. Təşkilatçılar, söz verildiyi kimi, stadion tikib təhvil verdilər. Turnir gözəl keçirildi və Azərbaycan digər FIFA turnirlərini, eləcə də 2015-ci il Avropa Olimpiya oyunlarını keçirməyə hazırdır və ümumiyyətlə, Azərbaycan bu baxımdan düzgün yoldadır. Dünya çempionatında biz dünyaca məşhur müğənnilərin çıxışlarını izlədik. Bununla təşkilatçılar futbol və mədəniyyətin vəhdətini yaratdılar. Futbol da məhz bir mədəniyyətdir və cəmiyyətin vacib bir hissəsidir. Ölkənizi və xüsusən də Azərbaycan futbol ictimaiyyətini bu münasibətlə təbrik edir, dövlətinizin başçısı cənab İlham Əliyevə öz hörmətimi və xoş arzularımı çatdırıram.
- İlk çempionatın müvəffəqiyyətlə keçirilməsi Azərbaycanın gələcəkdə digər beynəlxalq turnirlərə ev sahibliyi etmək imkanını nə dərəcə artırdı?
- AFFA-nın FIFA-ya dərhal məktubla müraciət edərək U-17 və U-20 futbol turnirlərini, ümumiyyətlə, FIFA təqvimində öz əksini tapmış istənilən yarışı keçirmək üçün öz namizədliklərini irəli sürməyi tövsiyə etmişəm. Bütün növ turnirlər, həmçinin çimərlik futbolu və futzal yarışları müraciət üçün açıqdır. Biz artıq bilirik ki, əgər Azərbaycana üz tutsaq, mütləq yüksək səviyyədə təşkilatçılıqla üzləşəcəyik. FIFA olaraq, bunu bilmək bizim üçün çox önəmlidir. Azərbaycan dünyanın elə bir önəmli nöqtəsidir ki, burada müxtəlif mədəniyyətlər uzlaşır. Bilirsiniz ki, Azərbaycan sözün həqiqi mənasında tarixi mərkəzdə - mədəniyyətlərin qovşağındadır və bu, futbol naminə çox faydalıdır. Çünki futbol hamı üçündür.