“Məncə, Teymur Rəcəbov bizim dünya çempionluğuna ən mühüm namizədimizdir. Bəli, məhz bizim!”. Bunu Lent.az-a eksklüziv açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının (FİDE) türkiyəli vitse-prezidenti Ali Nihat Yazıcı deyib.
Onun fikrincə, Azərbaycan şahmatçısı martın 16-dan aprelin 1-dək Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək İddiaçılar Turnirində çox yaxşı nəticəyə nail olacaq: “Hətta hazırkı dünya çempionu Vişvanatan Anandla qarşılaşacaq qədər!”
Lakin Yazıcı Londona getməyəcək. O, səbəb kimi hazırda FİDE-nin təhsil müəssisələrində şahmat layihəsi ilə əlaqədar müntəzəm səyahətlərdə olmasını göstərib.
Qeyd edək ki, İddiaçılar Turnirində 8 şahmatçı dairəvi sistemlə mübarizə aparacaq. Turnirin qalibi hazırkı dünya çempionu Vişvanatan Anandla (Hindistan) dünya şahmat tacı uğrunda görüşdə üz-üzə gələcək.