Bu ilin 22-27 yanvar tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib. Lent.az-ın məlumatına görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 14 komandadan 60-ə yaxın əməkdaş iştirak edib.
Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılov və beynəlxalq dərəcəli hakim Vitaliy Sapronovun hakimlik etdiyi çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunmuşdur. Belə ki, komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası tutub.
Şəxsi hesabda 1-ci yerə Seyidov Anar (Əsaslı tikinti idarəsi), 2-ci yerə Dadaşov Paşa (Dövlət Yanğın Nəzarəti Xidməti) və 3-cü yerə isə Hüseynov Ayaz (“İzotop” xüsusi kombinatı) layiq görülüb.
Sonra Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çempionatın qaliblərini təbrik etmiş, onları diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.