Futbol üzrə Topaz Premyer Liqasının XXI turunda “Simurq”la qolsuz heç-heçə edən “Bakı” mövsümdə 12-ci bərabərliyini alıb. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının hazırladığı statistikaya əsasən, bu, klubun tarixində rekord göstəricidir.
“Bakı” adı ilə 8, buna qədər isə 7 mövsüm ölkə çempionatının güclülər dəstəsində çıxış edən paytaxt təmsilçisi heç vaxt bu qədər “sülhsevər” olmayıb. 2007/2008 və 2009/2010 mövsümlərinin hərəsində 11, 2004/2005 və 2010/2011 mövsümlərində isə 10 dəfə heç-heçə edən komanda hazırkı mövsüm başa çatmamış rekord göstəricini rəsmiləşdirib. Artıq 12 bərabərliyi olan “Bakı” cari çempionatda daha 11 qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində bir komandanın ən azı 12 heç-heçə etməsinə 6-cı dəfə rast gəlinir. “Bakı”ya qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Qəbələ” və “Xəzər Lənkəran” bir mövsümdə 12 və ya daha çox heç-heçə edib. Mütləq rekordu isə 2009/2010 mövsümündə “Neftçi” müəyyənləşdirib – 14 heç-heçə.