"Bruno Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istəməsi ilə bağlı fikrini bildirdi. Daha sonra bu barədə klub rəhbərliyinə müraciət etdi və qarşılıqlı razılaşma əsasında ayrıldı. Bertuççi “Neftçi” ilə bir sıra uğurların qazanılmasında pay sahibi olub. Ölkə kubokunu və çempionluğu qazanıb. Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.
Lent.az xəbər verir ki, bu sözləri “Neftçi”nin rəsmi saytına açıqlamasında komandanın baş məşqçisi Arif Əsədov deyib.
Bruno Bertuççinin komandadan ayrılmasına münasibət bildirən təcrübəli çalışdırıcı bunları əlavə edib: “Bizim komandamızda əvəzedilməz futbolçu yoxdur. Hazırda həmin mövqe uğrunda bir neçə yerli futbolçu rəqabət aparır. Məqsədimiz də odur ki, əsas heyətdəki yerli futbolçuların sayını artıraq və milli komandalarımıza daha güclü futbolçular yetişdirək".