Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Lent.az-ın məlumatına görə, bu, “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevdir.
Onun adı əvvəlcə adı ehtiyat heyətdə göstərilib. Lakin flaqmanın baş məşqçisi Böyükağa Hacıyev yığmamızdakı həmkarı Berti Foqtsu “Neftçi”nin oyunçularına biganə münasibətdə günahlandırdıqdan sonra İmamverdiyev əsas heyətə cəlb olunub. Hazırda futbolçunun özü Ukraynanın “Dinamo” (Kiyev) klubunun ikinci komandasının düşərgəsindədir. Onun “Dinamo” ilə müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin təlim-məşq toplantısı yanvarın 29-da start götürəcək. Hazırlıq prosesi çərçivəsində yığmamız fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.