Berti Foqts: “Qırğızıstanla oyun siyasi əhəmiyyətlidir” - MÜSAHİBƏ
29 aprel 2013 14:09 (UTC +04:00)

Berti Foqts: “Qırğızıstanla oyun siyasi əhəmiyyətlidir” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXVIII turunda “Bakı” və “Simurq” komandaları arasındakı oyunu izləyib. Matçdan öncə almaniyalı mütəxəssis Lent.az-a müsahibə verib:

 

- Bu oyunda milliyə namizəd kimi izləməyi nəzərdə tutduğunuz oyunçular var?

 

- Bura gəlişimdə məqsəd millinin oyunçularının vəziyyəti ilə şəxsən tanış olmaqdır. Hazırda millinin tərkibində yaxşı oyunçular var. Hansı oyunçuların dəvət olunacağını gözləmək lazımdır.

 

- Son müsahibənizdə demisiniz ki, mətbuat Portuqaliya ilə qarşılaşmada qırmızı vərəqə alan Rauf Əliyevə loyal yanaşır. Amma Əliyevin özü məhz sizin tapşırığınızla sərt oynadığını bildirir. Siz oyunu ingiltərəli referinin idarə edəcəyini söyləyərək, futbolçulara rəqibə qarşı sərt oynamağın vacibliyini demisiniz?

 

- Mən “Sərt oynamaq lazımdır” söyləməmişəm. Heç vaxt oyunçulara demirəm ki, çıxın, 4 dəqiqə ərzində 2 sarı vərəqə alın. Futbol qaydaları hamı, o cümlədən azərbaycanlı futbolçular üçün eynidir. Qaydalara hamı riayət etməlidir. Hər yerdə hakimin fitindən sonra oyunçu topu 3-4 metr kənara vurursa və ya başla mübarizədə rəqibə dirsək zərbəsi endirirsə, sarı vərəqə almalıdır. Yəni, Raufa mən paltardəyişmə otağında “sərt oyna” deməmişəm. O, belə danışmaqdansa, fikrini öz oyununa yönəltməlidir. Məncə, həmin hərəkəti komandamıza zərbə vurdu, kömək olmadı. Onun belə hərəkətinin səbəbini anlamaq olmurdu. Təəssüflər olsun!  

 

- Foqts bildirib ki, xarici ölkələrdən gətirilən əslən azərbaycanlı futbolçular daha çox tənqid olunurlar. Bəs özü imkanlarından aşağı səviyyədə çıxış edən yerli oyunçulara qarşı hansı tədbirləri görür?

 

- Konkret, Rauf Əliyevə qarşı heç bir tədbir görməyəcəyəm. Sadəcə, oturub təkbətək söhbət edəcəyəm. Yaxud Kamran Ağayev Rusiya ilə qarşılaşmada vaxtı uzatdığı üçün ikinci sarı vərəqə alaraq, Şimali İrlandiya ilə növbəti görüşü buraxmalı oldu. Millinin oyunçuları başa düşməlidirlər ki, hakimlər beynəlxalq oyunlarda belə xırda səhvlərə görə də sarı vərəqə göstərirlər. Bu, oyunçunun nizam-intizamını və öz peşəsinə münasibətini göstərən çox vacib məqamdır. Futbolçular bunları öyrənməlidirlər.

 

- Yeri gəlmişkən, Azərbaycan hakimliyinin səviyyəsi sizi qane edir?

 

- Mən bu suala belə cavab verə bilərəm: Oyunçular hakimlərdən daha çox səhvə yol verirlər. Hakim də insandır, səhv edə bilər. Amma hər şeyi referilərin üstünə atmaq düzgün deyil.

 

- Noyabrda Qırğızıstanla keçirəcəyi yoldaşlıq oyunu Azərbaycan millisinə nə verəcək?

 

- Futbolda elə qərarlar var ki, siyasi baxımdan əhəmiyyətlidir. AFFA 2020-ci ildə 20 yaşlılar arasında dünya çempionatını Azərbaycanda keçirmək istəyir. Bu baxımdan, belə oyunların bizə köməyi dəyə bilər. Düzdür, Qırğızıstan futbolda kiçik ölkə sayılır. Biz belə ölkələrə qarşı oynamağı yox, amma böyük futbol ölkələrinin bizimlə oynamalarını istəyirik. Nəyə görə? Bu, siyasi qərardır. Futbol bütün dünyada bir ailə kimidir. Rəqibin kimliyindən asılı olmayaraq, gənc futbolçuları da sınaqdan keçirməliyik. Məsələn, Yaponiya millisi Azərbaycana qarşı yoldaşlıq görüşü keçirdi. Həm də bizi dəvət etdilər, bütün səfər xərclərini öz üzərlərinə götürdülər. Belə çıxır ki, onlar millimizlə oynamamalı idilər? Amma bu da Yaponiyanın Azərbaycanla iqtisadi əlaqələr qurması baxımından vacib idi. Futbol təkcə idman mübarizəsi deyil, həm də qlobal əhəmiyyətə malikdir.

 

- Siyasətdən söz düşmüşkən, “Bakı”nın “Atletiko” ilə matçı siyasi baxımdan az əhəmiyyət kəsb etmir. Amma Siz millimizin futbolçularının İspaniya klubuna qarşı oynamalarına razı olmadınız...

 

- Yığmamız əvvəllər klublarla oynayıb, amma bu, təlim-məşq toplantıları dövrünə təsadüf edib. Həmin görüşlərdə himn çalınmayıb, istədiyimiz qədər əvəzləmələr etmişik.

 

- Bəlkə “Atetiko”nun millimizə çoxlu qol vura biləcəyindən çəkinmisiniz?

 

- Apreldə millinin təlim-məşq toplantısı olmalı idi. Amma buna klublar razı olmadılar. İndi də inanmıram ki, çempionatın həlledici mərhələsində klubların öz oyunçularını “Atletiko” ilə matça buraxardılar. Necə düşünürsünüz, klublar razı olardılar?

 

- Azərbaycan reallığında bəli!

 

- Mənim Azərbaycanda çalışdığım 5 il ərzində milli komanda heç bir klubla rəsmi oyuna çıxmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar