"Bakı” ziyafət verdi, Arda Turan “Sarı gəlin” dinlədi
30 aprel 2013 01:55 (UTC +04:00)

"Bakı” ziyafət verdi, Arda Turan “Sarı gəlin” dinlədi

“Bakı” klubunun dəvəti ilə Azərbaycan paytaxtında səfərdə olan İspaniyanın “Atletiko” komandasının şərəfinə ziyafət verilib. Lent.az-ın məlumatına görə, “Four Season” otelində təşkil olunan tədbirə Madrid təmsilçisi başda klub prezidenti Enrike Serezo olmaqla, tam tərkibdə qatılıb.


Bununla yanaşı, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA rəhbərliyi və futbol ictimaiyyətinin digər nümayəndələri mərasimdə iştirak ediblər. Tədbiri “Bakı”nın icraçı direktoru açaraq, qonaqları salamladıqdan sonra söz “Atletiko”nun prezidentinə verilib. Serezo “Bakı” ilə əməkdaşlığın əhəmiyyətindən danışaraq, Azərbaycan klubu ilə aprelin 30-da keçirəcəkləri yoldaşlıq görüşünün ölkəmizin Avropada nüfuzunu daha da yüksəltmək baxımından önəmli olacağını vurğulayıb.

“Bakı” və “Atletiko” barədə videoçarxların nümayişindən sonra söz sənətçilərin ixtiyarına verilib. Natiq ritm qrupu “Sarı gəlin” kompozisiyasını təqdim etdiyi vaxt “Atletiko”nun futbolçusu Arda Turan yerindən qalxaraq, ifaya maraqla tamaşa edib. “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov və Nigar Camal, Tünzalə Ağayeva, Alim Qasımov, Ədalət Şükürov kimi tanınmış müğənnilərin çıxışları da qonaqlar tərəfindən maraqla qarşılanıb.

Ən böyük maraq isə Ardaya yönəlib. “Bakı”nın prezidenti Hafiz Məmmədov türkiyəli yarımmüdafiəçini bütün masalara apararaq, qonaqlara təqdim edib. Futbolçunun özü də hamı ilə xoş davranışı ilə seçilib. Veteran futbolçu Ələkbər Məmmədov ona rus dilində kitab hədiyyə edib. “Turan” klubunun vitse-prezidenti Namiq Məstanov isə Ardanın boynundan üzərində elə “Turan” yazılmış şərf asıb.

Mərasimin sonunda “Bakı” və “Atletiko”nun prezidentləri üzərində hər iki klubun emblemi həkk olunmuş tort kəsiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1747
avatar

Oxşar yazılar