I Avropa Oyunlarının məşəli iyunun 5-də axşam saatlarında Xırdalan şəhərinə gətirilib.
Lent.az-ın “azərtaca” istinadən məlumatına görə, məşəl Xırdalan şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.
Kunq-fu idman növü üzrə dördqat dünya, ikiqat Avropa çempionu, əməkdar idman ustası Ramiz Yaqnəliyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçməklə 2,5 kilometr məsafə qət ediblər. Sonuncu məşəlçi, kunq-fu idman növü üzrə Avropa və dördqat dünya çempionu Rövşən Həşimov Heydər Əliyev parkında quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib. Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx təqdim olunub.
Bununla da birinci Avropa Oyunlarının məşəli bölgələrə səfərini uğurla başa çatdırıb. Məşəl estafeti Bakıda davam etdiriləcək.