Bakı-2015 Avropa Oyunları bu gün ilk Avropa Oyunlarının idman elçiləri olacaq on bir Azərbaycan idmançısını elan edib. Apasport.az saytının xəbərinə görə, idmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçiliblər və qarşıdan gələn oyunlarla bağlı marketinq kampaniyalarında, tədbirin bütün Azərbaycanda təbliğ edilməsində iştirak edəcəklər.
Seçilmiş idmançılar bunlardır: Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş).
Azərbaycanın gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimov deyib ki, bu idmançılar ölkənin ən yaxşı idmançılarındandırlar və onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər: “Biz onlardan Bakı-2015-in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək”.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, idman elçiləri proqramı üzrə Bakı-2015-lə birgə çalışmaqdan məmnunluq duyurlar: “Bakı 2015 idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır və “İdman elçiləri” proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq”.
Bakı-2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bunları deyib: “İdman elçiləri proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropadan qalib olacağına ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu olacağına əminik. Göstərdikləri köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür etmək istərdik və irəlidən gələn aylarda Bakı-2015-in təbliğ edilməsində onlarla birgə çalışmağı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı-2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.