“Güclü qaçırsansa, o demək deyil ki, yaxşı futbolçusan. Mən özüm də vaxtilə futbol oynamışam. Buna görə də, güclü futbolçuda hansı keyfiyyətlərin olduğunu yaxşı bilirəm”. Bu sözləri Lent.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
Tez-tez kəskin açıqlamaları ilə diqqət mərkəzinə düşən Mirəliyev bu dəfə xarici futbolçuları hədəfə alıb. Lionel Messini tərifləyən müğənni, Kriştianu Ronaldo barədə bunları deyib: “Real” pis oyun göstərmir. Xüsusilə əks-hücumlara sürətli çıxır, tək toxunuşlu ötürmələrlə oynayır. Paslaşırlar və yekunda Ronaldo qol vurur. Onlarda əsasən Ronaldo və bir nəfər də var (Qaret Beyli nəzərdə tutur – T.M), ikisi öz sürəti ilə seçilir. Amma onlar güclü futbolçu deyillər, yaxşı qaçış ustasıdırlar. Güclü futbolçu Messi və İnyestadır. Futbolu elə oynamaq lazımdır”.