UEFA prezidenti Mişel Platini 2020-ci il Avropa çempionatının keçiriləcəyi şəhərlər arasında Bakının da yer alma şanslarını artıran açıqlama verib. Lent.az-ın məlumatına görə, Platini yeni stadion tikən ölkənin çempionat oyununu təşkil etmək imkanlarının yüksələcəyini bildirib.
Hazırda Azərbaycan paytaxtında 65 min tamaşaçı tutumuna malik Olimpiya stadionunun inşasına başlanılıb. Arenanın 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarınadək istifadəyə verilməsi nəzərdə tutulub. UEFA isə tikintisi 2016-cı ilədək başa çatacaq stadionların da sifariş ərizəsinə salınmasına razılıq verib. Vəd olunan müddətdə stadion hazır olmasa, UEFA həmin ərizə ilə bağlı qərarına yenidən baxa bilər. Digər tərəfdən, Bakıda tikilən stadionun tamaşaçı tutumunun iri tədbirlər zamanı 80 min nəfərədək artırılması mümkün olacaq. Bu isə o deməkdir ki, paytaxtımızdakı stadion nəinki qrup və “pley-off” matçları, hətta yarımfinal oyunları və final üçün 70 min nəfərlik arena tələbinə tam cavab verəcək.
Platini bildirib ki, yığmalar üçün Yarışların Keçirilməsi üzrə Komitə UEFA İcraiyyə Komitəsinə Avropa çempionatını bütün qitədə - şimaldan cənuba və qərbdən şərqə keçirməyi təklif edib. İcraiyyə Komitəsi isə bu təklifi ratifikasiya edib: “Ona görə də bütün 53 milli assosiasiya 2020-ci il Avropa çempionatını keçirməyə özünü namizəd saya bilər”.
Qeyd edək ki, Sifariş Ərizələrinin verilmə meyarları və qaydaları martda açıqlanacaq, qəbuluna isə apreldə başlanacaq. UEFA İcraiyyə Komitəsi təşkilatçı şəhərləri 2014-cü ilin sentyabrında elan edəcək.