"Ölən" futbolçu danışdı: "İş istəyirəm, dilənçi deyiləm" - YENİLƏNİB
13 yanvar 2017 16:59 (UTC +04:00)

"Ölən" futbolçu danışdı: "İş istəyirəm, dilənçi deyiləm" - YENİLƏNİB

 

Ölüm xəbəri yayılan Azərbaycan yığmasının sabiq futbolçusu Faiq Cabbarovun apasport.az saytına müsahibə verib. Veteran futbolçu sağ-salamat olduğunu deyib. O, uzun müddətdir işsiz qaldığını deyib: “Federasiyaya getdim, həm ordan, həm də çox insanlardan iş istədim. Futbolçu vaxtı qazandığım titulları demirəm, məşqçi işlədiyim vaxtda haralarda çalışdığımı bilirsiz. “Gilan”, “ABN-Bərdə”də işlədim, daha sonra “Şəmkir”i yenidən komanda kimi formalaşdırdım. Buna baxmayaraq, son vaxtlar hara getdimsə, iş vermədilər. Federasiyaya getdim, dedilər ki, kateqoriya lazımdı. İstəsəydilər, kateqoriya məsələsində kömək edə bilərdilər. İnsanam da, küsdüm. Sonra Rusiyaya getdim, orda bir az problemlər oldu, qayıtdım. İstədim ki, yenidən futbol həyatına qayıdam. Amma alınmadı. Dost-tanış sağ olsunlar. Ad da çəkə bilərəm. Məsələn, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mənə dəfələrlə maddi cəhətdən köməklik etdi, həmçinin, Mehman Allahverdiyev. “Qəbələ” komandasından yardım etdilər, klubun vitse-prezidenti Fariz Nəcəfov və komandanın kapitanı mənə köməklik etdi. Mən sadəcə, iş istədim. Dilənçi deyiləm ki, qapı-qapı düşüb, dilənim. Lakin mənə iş tapılmadı. Halbuki federasiyadan istəsəydilər, mənə iş verə bilərdilər. Mən demirəm ki, Premyer Liqa klubunda baş məşqçi və ya məşqçi işləyim. Heç olmasa 12, 13 yaşlı komandalarda işləyərdim, başım qarışardı. Ancaq bu da olmadı, mən nə edim. 2014-cü ildə köhnə dostlarım, futbolçu yoldaşlarım mənə kömək etdilər. Amma köməklə yaşamaq olmaz. İndiki zəmanədə hamının öz problemi var. Mən də istərdim ki, işləyim, əməkhaqqı alım. Mən futbol həyatına qayıtmaq istəyirəm, amma köməklik yoxdu. Sağ olsun, gözəl bir insan var, bu dəqiqə onun yanındayam. Elə bir insandı ki, 17 rayonun polis rəisi işləyib. Pis adam olsaydım, yanına çəkib mənə köməklik edərdimi? Mənə iş verib, amma o iş mənim işim deyil. Mən futbol həyatında olmaq istəyirəm. 45 yaşım heç tamam olmayıb. Sağ olsun, Nazim Dadaşov, onu bütün Azərbaycan tanıyır. Məni yanına çəkdi ki, işsiz qalmayım. Amma ürəyim futbolla döyünür. Pis çıxmasın, mən futbolu bilirəm. Bilməsəydim, 33 yaşımda məşqçi işləməzdim. Nofəl Əzizovla bir yerdə çalışmışıq “Gilan” komandasında, onu Premyer Liqaya çıxarmışdıq. Ondan sonra “ABN-Bərdə”ni güclülər liqasına çıxardım. Daha sonra “Şəmkir”də çalışdım. Futbol həyatında, eləcə də adi həyatda gərək yaltaqlıq edəsən ki, işləyəsən”.  

 

*****

 

15:49

 

Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarovun ölümü ilə bağlı məlumat yayılıb. Lent.az xəbər verir ki, idman mətbuatında "Kəpəz"in sabiq müdafiəçisinin cəsədinin küçədən tapılması barədə xəbər verilib. Bəzi saytlar isə onun yatıb, oyanmadığını bildiriblər. Gəncə şəhər Polis İdarəsindən isə F.Cabbarovun itkin düşməsi ilə bağlı müraciət daxil olduğu bildirilib.

 

Faiq Cabbarovun qardaşı Sədi Cabbarov isə Lent.az-a açıqlamasında qardaşının sağ-salamat olduğunu deyib: “Bilmirəm, bu xəbərləri kim yayır. Faiq yaxşıdı, Samuxda obyekt işlədir. Hər şey qaydasındadır. Mənə AFFA-dan da zəng etmişdilər, Mikayıl müəllim yığmışdı. Amma məni daha çox narahat edən Faiq kimi veteran futbolçuya indiyə kimi dəyər verilməməsidir".

 

Qeyd edək ki, Faiq Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993 - 1998-ci illərdə Azərbaycan yığmasında da oynayıb. F.Cabbarov bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Məşqçi karyerasında isə son iş yeri 2010-2011 mövsümündə fəaliyyətini bərpa edən "Şəmkir" olub.

 

Bildirilir ki, F.Cabbarovun mobil telefon işlətmədiyi bildirilir, onun kimsəylə əlaqə saxlamaması məsələni mürəkkəbləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar