Azərbaycan yığması Avropa çempionatına medalla başladı
19 mart 2013 18:50 (UTC +04:00)

Azərbaycan yığması Avropa çempionatına medalla başladı

Gürcüstanın paytaxtı Tiflisdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan milli komandası 1 bürünc medal qazanıb.

 

Həmin medala 48 kq çəki dərəcəsində yer alan qadın güləşçimiz Patimat Baqomedova sahib olub. Baqomedova mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, əvvəlcə Elitsa Atanasova Vankovanı yenib - 1:1, 5:1, 4:0. Güləşçimiz növbəti görüşündə ukraynalı Mariya Livaxı 4:0, 1:0 hesabı ilə məğlub etsə də, yarımfinalda böyük britaniyalı Yana Stadnikə uduzub – 0:3, 0:1. Bundan sonra pəhləvanımız təsəlliverici görüşdə polşalı Anna Lukasyakı 4:0, 2:0 hesabı ilə yenərək, bürünc medala yiyələnib.

 

Sərbəst güləşçilərimiz Maqomed Muslimov (66 kq) və Xetaq Qazyumov (96 kq) isə ¼ finalda uduzaraq, medalsız qalıblar. Muslimov 1/16 finalda italiyalı Ancelo Kostanı 4:0, 6:0, 1/8 finalda polşalı Rafal Statkeviçi 4:1, 2:0 hesabı ilə məğlub edib. ¼ finalda isə onun qarşısını rusiyalı İlyas Bekbulatov kəsib – 4:0, 0:1, 0:2. Lakin Bekbulatov yarımfinalda türkiyəli Yakup Gora 0:1, 1:0, 0:3 hesabı ilə uduzub və bununla da Muslimov bürünc medal şanslarını itirib.

 

Eyni aqibətlə Qazyumov üzləşib. O, 1/16 finalda türkiyəli Fikrət Müren Mutluya 1:0, 3:0, 1/8 finalda almaniyalı Uilyam Harta 4:1, 3:0 hesabı ilə qalib gəlib. Lakin ¼ finalda təmsilçimiz rusiyalı Vladislav Baytsayevə uduzub - 0:1, 1:0, 2:3. Baytsayev isə yarımfinalda polşalı Kamil Stanislav Skaskyeviçə 0:1, 1:2 hesabı ilə yenildiyindən, Qazyumov bürünc medal şanslarını da itirib.

 

Qeyd edək ki, Avropa çempionatına aprelin 24-də yekun vurulacaq.

# 844
avatar

Oxşar yazılar