Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Faiq Qarayev Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə oyunda güvənəcəyi oyunçuları müəyyənləşdirib.
Təcrübəli mütəxəssis qarşılaşma üçün 19 voleybolçunun adını sifariş verib. Heyətdə dünya çempionatı ilə müqayisədə 2 yeni sima var. Bunlar “Telekom”un hücumçusu Marqarita Əzizova və “Azəryol”un toppaylayıcısı Anastasiya Muzikadı.
Həmçinin, analıq məzuniyyətindən qayıdan Valeriya Məmmədova (Korotenko) və son mövsümü boşa verən Natəvan Qasımova da “19-luq”dadı. Dünya çempionatında zədə səbəbindən milliyə kömək edə bilməyən Natalya Məmmədovanın adı da siyahıya salınıb. Bir gün öncə “Volero” (İsveçrə) ilə klublararası dünya çempionatının bürünc medalını qazanan hücumçu bu günlərdə komandamıza qoşulmalıdı.
Azərbaycan millisinin heyəti
1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 3. Anastasiya Qurbanov, 4. Oksana Kurt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Yelena Parxomenko, 8. Natəvan Qasımova, 9. Natalya Məmmədova, 10. Yana Ağayeva, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova (Korotenko), 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Yelizaveta Səmədova, 19. Anastasiya Muzika, 20. Marqarita Əzizova.
Qeyd edək ki, hazırda Bakıda təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisi mayın 23-də Slovakiya ilə Bakıda, 1 həftə sonra səfərdə üz-üzə gələcək. Komandamızın “12-liyi” bu günlərdə dəqiqləşəcək. Yığmamızın həmin heyətin Avropa Oyunlarında da oynayacağı istisna deyil.