Azərbaycan millisinin baş məşqçisi postuna gətiriləcək namizədin adı bəlli olub
13 noyabr 2014 00:37 (UTC +04:00)

Azərbaycan millisinin baş məşqçisi postuna gətiriləcək namizədin adı bəlli olub

Almaniyalı mütəxəssis Berti Foqtsun istefasından sonra boş qalan Azərbaycan millisinin baş məşqçisi postuna gətiriləcək çalışdırıcının adına böyük ölçüdə aydınlıq gəlib.

 

Apasport.az saytının əldə etdiyi məlumata görə, həmin vəzifəyə əsas namizəd 60 yaşlı italiyalı mütəxəssis Marko Tardellidi.

 

Buna səbəb AFFA-nın ilkin razılıq əldə etdiyi digər italiyalı  - Roberto Mançini ilə danışıqları müsbət sonluğa çatdıra bilməməyidi.

 

“Qalatasaray”ın sabiq baş məşqçisi öncə yığmamıza gəlməyə razılıq versə də, sonra fikrindən daşınıb. Futbolçu kimi “Bolonya” (1981-82), “Sampdoriya” (1982-97), “Latsio” (1997-2001), İngiltərə “Lester”ində (2001), 10 il İtaliya yığmasında (1984-94) çıxış edən, amma məşqçi kimi daha məşhur olan italiyalı qərarından vaz keçməsinin səbəbini açıqlamayıb. Nəticədə “Fiorentina” (2001-02), “Latsio” (2002-2004), “İnter” (2004-08), “Mançester Siti” (2009-13) və “Qalatasaray”da (2013-14) çalışmış Mançininin ölkəmizə gəlişi təxirə salınıb.

 

50 yaşını noyabrın 27-də qeyd edəcək italiyalı növbəti dəfə fikrini dəyişib, AFFA ilə razılıq üçün danışıqlara təşəbbüs göstərməsə, onun həmyerlisi Tardelli yığmamıza daha yaxın olacaq.

 

Artıq ön planda olan Tardelli sonuncu namizədliyi quruma təqdim olunan mütəxəssislər arasında ən şanslısıdı. Bu siyahıdakılarla bağlı araşdırmalar aparıb, ardınca onlarla ilkin görüşlərə start verən AFFA rəhbərliyinin məhz appeninli ilə danışıqlarda müsbət nəticə əldə edəcəyi gözlənilir. Norveçlə noyabrın 16-da baş tutacaq AVRO-2016-nın seçmə oyunundan sonraya planlaşdırılan Tardelli ilə görüş həlledici xarakter daşıyacaq.

 

Məhz həmin görüşdə tərəflərin ortaq məxrəcə gəlib, ilkin anlaşması kifayət qədər realdı. Çünki hələ 2007-ci ilin sonlarında adı yığmamızın baş məşqçisi postuna namizədlər sırasına düşən italiyalının 7 il sonra da bu siyahıda yer alması da onun şanslarının yüksək olmasından xəbər verir. Həmin vaxt Tardelli üçün İrlandiya, millimiz üçün Foqts kimi alternativ variant olduğundan bu təyinat baş tutmamışdı. İndi isə anlaşmaya ciddi əngəl görünmür.

 

Təkcə İtaliya deyil, dünya futbolunda tanınmış simalardan olan Tardellinin geniş təqdimata ehtiyacı yoxdu. Futbolçu kimi “Piza” (1972-74), “Komo” (1974-75), “İnter” (1985-87) və İsveçrə “Sankt-Qallen”ində (1987-88) çıxış etmiş dayaq yarımmüdafiəçisinin karyerasının ən parlaq illəri “Yuventus”la bağlıdı.

 

1975-85-ci illərdə 250-dən çox oyunda forma geyindiyi komanda ilə Çempionlar kuboku, Kuboklar kuboku, UEFA kuboku, Superkubok qazanan yarımmüdafiəçi 5 dəfə İtaliya çempionu adını əldə edib. Əfsanəyə çevrildiyi “ağ-qaralar”ın heyətindən milliyə çağırılan Tardelli 1976-86-cı illər ərzində İtaliya yığmasında keçirdiyi 81 oyunda 6 qol vurub. 1982-ci ildə İspaniyada dünya çempionu titulu qazanan “Skuadra Adzurra”nın aparıcı oyunçularından biri də məhz Tardelli olub. O, AFR ilə final matçında (3:1) komandasının ikinci qoluna imza atmaqla, qələbədə pay sahibi olub. Yarımmüdafiədəki çıxışı sayəsində 2004-cü ildə UEFA-nın 50 illiyi ilə bağlı keçirilən sorğuda Tardelli qitənin 37-ci ən yaxşı futbolçusu seçilmişdi.

 

1988-ci ildə 34 yaşı olarkən karyerasını bitirən italiyalı artıq 26 ildi məşqçilik fəaliyyəti ilə məşğuldu. Həmin vaxt ölkəsinin U-16 millisinin baş məşqçisi təyin olunan gənc çalışdırıcı sonradan iki dəfə U-21-ə köməkçi-məşqçi kimi gəlib. 2004-05-ci illərdə Misir millisinə rəhbərlik edən Tardelli müxtəlif klubları da çalışdırıb. “Komo” (1993-95), “Çezena” (1995-98), “İnter” (2000-01), “Bari” (2002-03), “Arezzo” (2005-08) kimi İtaliya klublarında baş məşqçi olan mütəxəssisin son iş yeri İrlandiya olub.

 

2008-ci ilin fevralında bu ölkənin baş məşqçisi təyin olunan əfsanəvi Covanni Trapattoni Tardellini də köməkçisi kimi adaya aparıb. 2013-cü ilin sentyabrına qədər burada çalışan italiyalılar yığmanı birlikdə də tərk ediblər.

 

Yeri gəlmişkən, Tardelli ilə danışıqlar müsbət yekunlaşsa, italiyalı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi olacaq üçüncü dünya çempionu kimi tarixə düşəcək. Belə ki, braziliyalı Karlos Alberto Torres 1970, almaniyalı Berti Foqts 1974, Tardelli isə 1982-ci ildə bu titulu qazanıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar