Azərbaycan klubunda rəzalət: “Yeməyi öz pulumla yeyirəm” - MÜSAHİBƏ
01 aprel 2013 17:40 (UTC +04:00)

Azərbaycan klubunda rəzalət: “Yeməyi öz pulumla yeyirəm” - MÜSAHİBƏ

“Turan”ın türkiyəli futbolçusu Ender Günlünün apasport.az saytına müsahibə verib.



- Komandanız qış fasiləsinədək yaxşı təsir bağışlasa da, bu il artıq 3-cü dəfədir 4 top fərqi ilə uduzur. Son turda “Rəvan”a 2:6 hesablı məğlubiyyəti nə ilə izah etmək olar? 
- Fasilədə komandaya yeni futbolçular gəldi və onlar o qədər yaxşı deyillər. Bundan əlavə, dekabrdan bu yana pul üzü görmürük. 4-cü aydır maaş almırıq. Bu səbəbdən futbolçuların əhval-ruhiyyəsi pozulub, istək yoxdur. 



- Rəhbərlik maaşlarının verilməməyini nə ilə izah edir, problemi nə vaxt həll edəcəklər? 
- Bilmirik. 4 aydır eyni sözləri eşidirik.



- Hər halda, belə acınacaqlı vəziyyət uzun müddət davam edə bilməz... 
- Hazırda komandada psixoloji durum çox pisdir. Buna görə də rəqiblər bizi məğlub edirlər. 



- Bir müddət əvvəl pul verilmədiyi üçün komandanın oyuna çıxmayacağı barədə xəbərlər yayılmışdı. Ancaq hansısa boykot baş vermədi... 
- İlk dövrədə komandada vəziyyət fərqli idi. Ancaq indi “Turan” kollektiv kimi yoxdur.



- Yəni, futbolçular arasında birlik yoxdur... 
- Bəli. 



- Üzləşdiyiniz vəziyyətlə bağlı AFFA, UEFA və ya FİFA-ya şikayət etmək fikriniz varmı? Hər halda, 2 ay maaşını ala bilməyən futbolçu kimi azad agent statusu ala bilərsiniz... 
- Digər futbolçuların nə edəcəklərini bilmirəm. Ancaq mən bir peşəkar kimi meydanda öz işimi görürəm. Məqsədim özümü daha yaxşı göstərməkdir. Buna görə 90 dəqiqə qaçıram ki, oyunumla hansısa bir yaxşı komandaya keçim. Əgər qaçmasam, səviyyəmi aşağı salsam, digər komandalar mənimlə maraqlanmayacaq.



- İddialı klubların autsayder komandanın futbolçusu ilə maraqlanmağı nə dərəcədə realdır?
- Mən öz işimi götürəm, “Turan”da qollar vurmuşam, məhsuldar ötürmələr etmişəm. Ancaq 1 futbolçu hər şeyi həll etmir. 11 futbolçunun hamısı qaçmasa, bu, komandada problem olacaq.



- Qış fasiləsində xarici klublardan təklifləriniz olsa da, “Turan”da qalmağa üstünlük verdiniz. İndi buna görə peşman deyilsiniz? 
- Türkiyədən, İsveçrədən təkliflər almışdım. Ancaq mənə görə çox pul istədilər. Ona görə də komandada qalası oldum. İndi buna görə peşmanam. Müqaviləm bitən kimi, “Turan”dan gedəcəm. 



- Necə düşünürsünüz, hazırda 11-ci pillədə olan komandanız yüksək liqada qala biləcəkmi? 
- Belə vəziyyətdə necə olacağını bilmirik. Çünki futbolçular da maddi baxımdan pis vəziyyətdədirlər. Hər kəsin ailəsi, problemləri var. 4 aydır pul qazana bilmirik.


- Bəs bu müddətdə maddi dolanışığınızı necə təmin edirsiniz? 
- Yaxşı klublarda oynadığımdan bankda pulum vardı. Artıq onu xərcləyirəm, çünki 4 aydı pul qazanmıram. 



- “Turan”da qidalanma ilə bağlı vəziyyət necədir? 
- Bu baxımdan da problem var. Vitamin yoxdur, yemək yaxşı deyil. Məsələn, mən yeməyimi, vitaminləri öz pulumla alıram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1760
avatar

Oxşar yazılar