Avropa Oyunlarına təklif edilən qeyri-olimpiya növləri açıqlandı
08 fevral 2013 16:23 (UTC +04:00)

Avropa Oyunlarına təklif edilən qeyri-olimpiya növləri açıqlandı

Azərbaycan 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına 2 qeyri-olimpiya növünün salınmasını təklif edib. Bu haqda Lent.az-a Təşkilat Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov məlumat verib.

 

Mədətov bildirib ki, həmin növlər karate və sürətli şahmatdır. O, xüsusən, karatenin Avropa Oyunlarında yer almasında israrlı olduqlarını açıqlayıb: “Təşkilatçı kimi ölkəmizdə daha çox inkişaf edən qeyri-olimpiya növlərinin namizədliyini vermək hüququmuz var. Biz də bu hüquqdan yararlanaraq, karate və sürətli şahmatı təklif etmişik. Proqrama sürətli şahmatın salınmasında elə də israrlı deyilik. Amma Avropa Oyunlarında karatenin olmasını çox istəyirik. Çünki bu növ ölkəmizdə xeyli inkişaf edib. Karatedən başqa kikboksinqin də salınmasını təklif edə bilərdik. Amma düşündük ki, birdən-birə iki döyüş növünün proqramda yer alması münasib sayılmaz”.

 

Bu arada İtaliya mətbuatı Avropa Oyunlarında çimərlik həndbolu üzrə yarışların da keçiriləcəyini yazıb. Amma Təşkilat Komitəsinin üzvü hələlik bu məsələnin həllini tapmadığını bildirib. Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsi Oyunların proqramında çimərlik həndbolu, kanoe və digər növlərin də yer almasını istəyir. Hazırda danışıqlar gedir. Yekun qərar isə martın sonlarında veriləcək. Ümumilikdə I Avropa Oyunlarının 17 idman növü üzrə təşkili nəzərdə tutulub.      

 

Qeyd edək ki, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Oyunların 17 Olimpiya idman növü - güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubunun daxil olduğunu bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və bu gün səsləndirilən göstəricilər dəyişə bilər. Oyunların 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar