“Qəbələ”nin Avropa Liqasındakı rəqibləri dünən növbəti matçlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sı Almaniya, PAOK isə Yunanıstan çempionatı çərçivəsində oyun keçirib.
“Borussiya” Bundesliqanın VI turunda “Hoffenhaym”ın qonağı olub. Meydan sahibləri 42-ci dəqiqədə Sebastian Rudinin qolu ilə hesabı açsalar da, 11 dəqiqə sonra Pyerr-Emerik Obameyanq status-kvonu bərpa edib. Qarşılaşma 1:1 hesabı ilə də başa çatıb. Bu nəticədən sonra ehtiyatındakı xalların sayını 16-ya çatdıran dortmundlular, ilk dəfə xal itirib və liderliyi əldən veriblər.
PAOK isə Yunanıstan Super Liqasının IV turu çərçivəsində AEK-i qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. PAOK-un heyətində Harri Rodriges (64) və Stefanos Atanasiadis (84 (pen.)) fərqləniblərsə, qonaqların yeganə qolunun müəllifi Xristos Aravidis (47) olub. Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran PAOK turnir cədvəlində də 6-cı pilləyə yüksəlib.