“Qəbələ” “Sumqayıt”ın qapıçısı Andrey Popoviçdən sonra daha bir futbolçu ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, “Simurq”un yarımmüdafiəçisi Samir Zərgərov gələn mövsümdən “qırmızı-qaralar”ın formasını geyinəcək.
Bunu 29 yaşlı futbolçu özü də təsdiqləyib. O, “Qəbələ” ilə artıq hərtərəfli anlaşdığını və mövsüm başa çatdıqdan sonra keçidin rəsmiləşəcəyini deyib: “Qəbələ” ilə razılığa gəlmişik. Birillik müqavilə bağlayacam. “Qəbələ” hazırda Azərbaycanın ən güclü klublarından biridi. Üstəlik, Avropa Liqasında da iştirak edəcək. İnanıram ki, gələn mövsüm həm Premyer Liqada, həm də Avrokubokda uğurlu çıxış edəcəyik”.
Qeyd edək ki, “Simurq”dan əvvəl “İnter” və “Kəpəz” klublarının da formasını geyinmiş Zərgərov 2005-2009-cu illərdə də "Qəbələ"də çıxış edib.