Aprelin 29-da İspaniyanın Madrid şəhərində Santiaqo Bernabeo satidonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və «Realmadrid» Fondu (“Fundación Real Madrid”) arasında Azərbaycanda Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Lent.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 2013-2017-ci illəri əhatə edəcək bu əməkdaşlığın əsas məqsədi “Uşaqları futbola cəlb etməklə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası” adlı sosial layihə çərçivəsində Azərbaycanda sosial futbol məktəbinin yaradılmasıdır. Layihənin ilkin mərhələsində sosial futbol məktəbinin Bakı şəhəri "Vətən" İxtisaslaşmış Uşaq-Gənclər Fubtol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.
İmzalama mərasimində Azərbaycan nümayəndə heyətinin üzvləri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev, İspaniya Krallığı tərəfdən Realmadrid Fondunun icraçı vitse-prezidenti Enrike Sançez, Fondun Baş Direktoru Xulio Qonzales Ronko, Beynəlxalq əlaqələr üzrə məsul şəxs Roza Ronkal, eləcə də başqa qonaqlar və çoxsaylı media mənsubları iştirak edib.
Mərasimi giriş sözü ilə «Realmadrid»Fondunun icraçı Vitse-prezidenti Enrike Sançez açıb. Qonaqları salamladıqdan sonra o, tədbirin səbəbini izah edib. Tərəflər arasında Əməkdaşlıq Müqaviləsinin Protokolu imzalandıqdan sonra Sançez «Realmadrid» Fondunun beynəlxalq layihələrindən, həmçinin dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbinin fəaliyyətindən danışıb. Çıxışının sonunda Avropada 8-ci məktəbin Azərbaycanda açılmasının Realmadrid Fondu üçün şərəf olduğunu vurğulayan Sançez, sosial futbol məktəbinin işinə uğurlar arzulayıb.
Sonra çıxış edən nazir müavini İsmayılov Azərbaycan hökumətinin idman, o cümlədən futbolun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən və 21 illik müstəqillik dövründə əldə olunmuş nailiyyətlərdən danışıb. Azərbaycan Respublikası prezidentinin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasına xidmət edən bu əməkdaşlığı nazir müavini futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi, onların sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində atılmış tarixi addım kimi qiymətləndirib. Onun sözlərinə görə. «Realmadrid» Fondunun sosial idman modeli əsasında yaradılacaq sosial futbol məktəbində 6-17 yaşlı oğlan və qızlara futbol üzrə təlim-məşqlərdən başqa, peşə yönümlü təlimlər, həyat bacarıqları, uşaqlar və valideynlər üçün psixo-sosial dəstək, valideynllik üzrə treninq və seminarlar təşkil ediləcək.
Çıxışının sonunda İsmayılov tarixi əhəmiyyətə malik belə bir əməkdaşlığın ərsəyə gəlməsində zəhməti olan «Realmadrid» Fondu, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi, həmçinin bütün qurumlara və şəxslərə dərin təşəkkürünü bildirib.
İmzalama mərasimi hədiyyə mübadiləsi və xatirə şəkli çəkdirməklə yekunlaşıb.