Azərbaycanda ilk qanuni mərc oyunu sayılan “Topaz”ın ölkəmizdə fəaliyyət göstərdiyi iki il ərzində dövriyyəsi 118 milyon avroya çatıb. Lent.az-ın məlumatına görə, bu barədə “Sabah” qəzetinə bukmeyker operatoru olan “İnteltek”in baş direktoru və “Azinteltek”in İdarə Heyətinin sədri Ahmet Sezer açıqlama verib.
O bildirib ki, 2011-ci il yanvarın 18-də Azərbaycanda fəaliyyətə başladıqları vaxt 68 məntəqələri olub. İndi isə ümumi məntəqələrin sayı 481-dir. Dövriyyədən dövlətin hesabına vergi və idmana dəstək məqsədilə 4,2 faiz ödənilir: “Ötən il ödədiyimiz məbləğ 5 milyon avro idi. Bu isə dövlətin idmana ayırdığı büdcənin yarısı deməkdir. “Topaz” iki il ərzində ciddi yol qət edib. Bunun sayəsində Azərbaycanda idman gəlirləri də artıb”.
Sezerin sözlərinə görə, builki hədəfləri dövriyyəni 202 milyon avroya çatdırmaqdır.
“Azəridmanservis”in baş direktoru Azər Məhərrəmov isə deyib ki, “Topaz”dan əvvəl bir çox firma dövlət nəzarətindən kənarda mərc oyunları ilə məşğul olub. Onun sözlərinə görə, iki ildir bu firmaların bir qismi bazardan çəkilib: “Qara bazar hələ də var, amma təsiri azalıb. Bundan qurtulmaq lazımdır”.