İspaniyanın “Sevilya” futbol komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, Unay Emeri ilə 30 iyun 2014-cü ilədək müqavilə bağlanılıb.
41 yaşlı mütəxəssis bu postda qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar istefaya göndərilmiş Miçel Qonsalesi əvəzləyib. 19 turdan sonra “Sevilya” 22 xalla 12-ci pillədə qərarlaşıb. Emerinin yeni komandada debütü yanvarın 16-da “Saraqosa” ilə İspaniya Kubokunun ¼ final matçına təsadüf edəcək.
Qeyd edək ki, Unay Emeri bu təyinatadək Rusiya “Spartak”ının baş məşqçisi olub. Moskva komandasına ötən ilin iyunundan noyabrınadək rəhbərlik etmiş ispaniyalı mütəxəssis ölkə çempionatında Moskva “Dinamo”suna 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Emeri əvvəllər İspaniyanın “Valensiya”, “Almeriya” və “Lorka” komandalarının da baş məşqçisi olub.