“Hazırda Almaniyadayam. Bir az işlərim var idi, ona görə gəlmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında maddi sıxıntılara görə “Simurq”dan ayrılan, milliləşdirilmiş türk əsilli futbolçu Əli Gökdəmir deyib.
Komandadan tam ayrılmadığını, gələn mövsüm problemlərin həll olunması halında yenidən komandaya qayıtmağa hazır olduğunu bildirən futbolçu, hər şeyin yoluna düşəcəyinə ümidli olduğunu da qeyd etdi:
“Üç ay boyunca pulumuzu ala bilmədik. Klubdan da bildirdilər ki, mövsümün sonuna kimi pul olmayacaq, deməli biz son dörd ayı havayı oynamış olduq. Artıq orda qalmağımın bir anlamı yox idi”.
Əmək haqqını ala bilmədiyi üçün FIFA-ya müraciət edib-etməyəcəyini soruşduğumuz Gökdəmir belə bir fikrinin olmadığını dedi:
“FIFA-ya və ya hansısa bir təşkilata şikayət etmək kimi bir fikrim yoxdur. İnanıram və ümid edirəm ki, növbəti mövsüm hər şey yaxşı olacaq və bizim də borcumuz ödənəcək”.