Rusiyanın “Rubin” komandasının futbolçusu Salvatore Boketti Moskva “Spartak”ına keçib. Lent.az-ın Kazan klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı mərkəz müdafiəçisi gələn həftə tibbi müayinədən keçərək, “qırmızı-ağlar”la müqavilə bağlayacaq.
Bu keçidin paytaxt təmsilçisinə 5 milyon avroya başa gəldiyi bildirilir. “Rubin” Bokettinin mövqeyinə Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın oyunçusu Ruslan Abışovu alıb. Abışovla münasibətlər tezliklə rəsmiləşdiriləcək.
Qeyd edək ki, Salvatore Boketti “Rubin”ə 2010-cu ilin avqustunda İtaliya “Cenoa”sından keçib. O, Kazan klubunun heyətində Rusiya çempionatının bürünc medalını, ölkə kubokunu və superkuboku qazanıb. Boketti 2009-cu ildən çıxış etdiyi İtaliya yığmasının heyətində 5 görüşə çıxıb. Futbolçu 2010-cu il dünya çempionatı üçün sifariş ərizəsində yer alsa da, oynamayıb. 2012-ci il Avropa çempionatında isə o, ilkin heyətə düşsə də, yekun siyahıya salınmayıb.