Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib. Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, ölkəmizi qitə miqyaslı yarışlarda təmsil edən “Qarabağ” da IV turda meydana çıxıb.
F qrupunda mübarizə aparan Ağdam klubu ikinci ev oyununu keçirib. Qurban Qurbanovun yetirmələri 2 həftə əvvəl Kiyevdə minimal (0:1) hesabla məğlub etdikləri “Dnepr”lə münasibətlərinə aydınlıq gətirib.
Azərbaycan çempionu 15-ci dəqiqədə Nikola Kaliniçin fərqlənməsindən sonra hesabda geri düşüb. 36-cı dəqiqədə Leroy Corc hesabda tarazlıq yaradıb və təmsilçimiz fasiləyə heç-heçə (1:1) ilə yollanıb. Təəssüf ki, “Qarabağ” qələbə topunu vura bilməyib və əvəzində, qonaqlar qapıçımız İbrahim Şehiçi cəzalandırıb. Yenə xorvatiyalı hücumçu adını tabloya yazdırıb.
Beləliklə, Bakıda “Dnepr”ə 2:1 hesabı ilə uduzan “Qarabağ” qrupda 2-ci məğlubiyyəti ilə üzləşib.
Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu Fransa “Sent-Etyen”inə qarşı keçirib. Ağdam klubu Bakıda “yaşıllar”la qolsuz heç-heçəyə razılaşıb. Səfərdə İtaliya “İnter”inə uduzan (2:0) komandamız yeganə qələbəsini “Dnepr” üzərində əldə edib.
Avropa Liqası
Qrup mərhələsi
IV tur
F qrupu
6 noyabr
“Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna) - 1:2
QOLLAR: Leroy Corc, 36 - Nikola Kaliniç, 15; 73
Baş hakim: Pavel Qil