“Futbolçuların qət etdikləri məsafəni ölçməkdən ötrü “Neftçi”də tətbiq edilən təcrübə Rusiyada 3-4 il əvvəl mövcud idi. Artıq bu, Avropada yenilik sayılmır”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.
O bildirib ki, hələ 2009-2010-cu illərdə məşqçi kimi çalışdığı Rusiyanın “Terek” klubunda futbolçuların meydanda nəyə qadir olduqlarını müəyyənləşdirmək üçün Moskvada fəaliyyət göstərən firmanın xidmətlərindən yararlanıblar. Həmin vaxt oyunçular arasında 90 dəqiqə ərzində 13 km-dən çox qaçan olub. Diniyevin sözlərinə görə, həmin firmaya Rusiyanın bütün klubları müraciət ediblər. Amma indi bu üsul dəbdən düşüb: “İndi futbolçunun topla nə qədər təmasda olması, ötürmə və topu alma faizləri hesablanır. Futbolçuların meydanda qət etdikləri məsafənin hesablanması isə əvvəllər dəbdə idi. Hətta yadımdadır, Azərbaycan millisinin baş məşqçisi olarkən, Portuqaliya ilə səfər matçında Dekunun 13 km-dək qaçdığını demişdim”.
Qeyd edək ki, “Neftçi” klubu xarici şirkətlərlə, oyun zamanı futbolçuların fərdi keyfiyyətlərini tam şəkildə analiz edilməsi və müvafiq statistik göstəricilərin müəyyənləşdirilməsi üçün müqavilə bağlayıb. Anlaşmaya əsasən, ilk olaraq Topaz Premyer Liqasında fevralın 13-də keçirilmiş AZAL - “Neftçi” matçında müxtəlif rakurslarda videokameralar quraşdırılıb və futbolçuların fərdi göstəriciləri tam müəyyənləşdirilərək rəsmən kluba təqdim edilib. Məlum olub ki, oyun ərzində ən çox məsafə qət edən 6 futbolçudan 3-ü - Araz Abdullayev (12555 metr), Rəşad Sadiqov (12082 metr) və Mahir Şükürov (10664 metr) yerlidir. İlk 2 yeri Abdullayevlə Sadiqov tutub. Şükürov isə 5-ci olub. Legionerlər arasında isə Flavinyo (11920 metr), Erik Ramos (11577 metr) və Nikolas Kanales (10182 metr) fərqlənib. Bu təcrübənin “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da da davamlı tətbiqi nəzərdə tutulub.