Amerika Kubokunda çıxış edən Argentina milli komandasının və “Yuventus”un hücumçusu Karlos Teves komanda yoldaşı Lionel Messi haqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Teves Çempionlar Liqasının finalında rəqibi olan həmyerlisinin argentinalı olduğu və yaxşı oyunçu olduğu üçün çox sevildiyini deyib:
“O dünyanın ən yaxşı oyunçusu və argentinalı olduğu üçün çox sevilir. Əgər kimsə Messini sevmirsə, deməli onun futboldan anlayışı yoxdu”.
“Barselona”lı futbolçu ilə özünü müqayisə etməyi də unutmayan Karlitos artıq çəkilərindən xilas olduqdan sonra daha yaxşı oynadığını deyib:
“Mən artıq 8 kq arıqlamışam. Bunun nəticəsində əvvəlkindən daha yaxşı oyunçuyam. Ancaq Messi də təxminən 3-4 kq “atıb” və o, təbii ki, hər zaman daha öndədi”.