“Acıbadem” Sağlamlıq Qrupunun Bakıdakı əlaqələndirici ofisində xəstəxanalar şəbəkəsinin Azərbaycandakı tərəfdaşları – “Qəbələ” və “Bakı” klublarının nümayəndələri və jurnalistlərlə görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüşə “Acıbadem”də fəaliyyət göstərən və Azərbaycan futbol ictimaiyyətinin yaxından tanıdığı Professor Mehmet Binnet də qatılıb.
Tədbirdə “Qəbələ”ni baş məşqçi Ramiz Məmmədov, marketinq meneceri Səməd Nəsibov və futbolçu Viktor Mendi təmsil edib. Binnet “Acıbadem”in Azərbaycandakı işgüzar əlaqələri, tərəfdaşları və gələcək planları barədə məlumat verib. O, çıxışı zamanı Azərbaycanla əlaqələri genişləndirməyi planlaşdırdıqlarını söyləyib.
Görüşdə keçmiş karyerasına toxunan professor “Qəbələ”nin baş məşqçisi ilə dost münasibətinin olduğunu da vurğulayıb: "Azərbaycandan bir çox idmançını əməliyyat etmişəm. Onlardan bəlkə də ən çətini Ramiz Məmmədovun zədəsi idi. “Qəbələ”nin indiki baş məşqçisi o vaxt mənim yanıma çox ağır vəziyyətdə gəlmişdi. İndi biz çox yaxın dostuq. Mənə azərbaycanlı idmançılarla işləmək çox xoşdur. Çünki əslim azərbaycanlıdır. Vaxt var idi türkiyəli idmançılar da Almaniyaya qaçardılar. Amma indi biz özümüz onları müalicə edə bilirik. Hətta xaricdən bizim yanımıza gəlirlər. Artıq hər cür şəraitimiz var. Sizin həkimlərə hələ vaxt lazımdı. Fikrimcə, 5-10 ildən sonra sizin oyunçuların da harasa getməsinə ehtiyac qalmayacaq”.
Məmmədov da öz növbəsində “Acıbadem” Sağlamlıq Qrupuna və Professor Mehmet Binnətə təşəkkürünü bildirib. “Qəbələ”nin “Acıbadem”lə tərəfdaşlığından məmnun olduğunu bildirən baş məşqçi zaman ötdükcə tərəflər arasında əlaqələrin genişlənəcəyinə inam ifadə edib.