İngiltərənin “Mançester Yunayted” komandasının futbolçuları Azərbaycana gələcəklər. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə “Bakcell” şirkətinin icraçı direktoru Riçard Şirer açıqlama verib.
O bildirib ki, səfər şirkətin “Mançester Yunayted”lə çoxillik əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutacaq: “Əməkdaşlıq çərçivəsində növbəti 2-3 il ərzində də çoxlu sayda oyunçunu Azərbaycana dəvət etməyi düşünürük. Düzdür, hələ heç bir təsdiqlənmiş dəvətimiz yoxdur. Başqa oyunçularla Asiya turumuz var. Azərbaycana səfərin Asiyadan əvvəl və ya sonra olacağını bilmirəm. Amma düşünürəm ki, bu, yaxın vaxtlarda baş tutacaq. Səfərin “Mançester Yunayted”in hazırkı, yoxsa veteran futbolçularının iştirakı ilə həyata keçəcəyinə isə hələ aydınlıq gəlməyib”.
Qeyd edək ki, “Mançester Yunayted”in sabiq futbolçularından Duayt York hazırda Bakıdadır.