Türkiyənin “Fənərbağça” klubu Fransa “Monpelye”sinin və Mərakeş milli komandasının futbolçusu Yunes Belhandanı transfer edib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Hazırda Belhanda Mərakeş millisinin heyətində Afrika Millətlər Kubokunda çıxış edir. “Fənərbağça” onu özəl xahişlə İstanbula gətirərək, anlaşmaya qol çəkdirəcək. Bu keçid üçün “Monpelye”yə 9,5 milyon avro ödəniləcək. Üstəlik, Belhanda gələcəkdə başqa kluba keçəcəyi halda, Fransa təmsilçisi həmin transfer məbləğinin 10 faizini alacaq. Futbolçunun özünə isə ildə 2,3 milyon avro veriləcək.
Qeyd edək ki, Yunes Belhanda 2009-cu ildən çıxış etdiyi “Monpelye”nin heyətində 108 oyuna 34 qol vurub. O, Mərakeş millisinə 2010-cu ildən dəvət alır.