Türkiyənin “Fənərbağça” və Belarusun BATE komandaları arasında keçirilmiş futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşü zamanı maraqlı olay baş verib. Lent.az-ın məlumatına görə, “Şükrü Saracoğlu” stadionunda azarkeşsiz keçirilən oyunda meydan sahibləri 1:0 hesabı ilə öndə ikən meydana çöldən əvvəl fişəng, sonra
kiçik paraşütlərlə yandırıcı maddələr atılıb .Tribunadakı Türkiyə bayrağı od alıb. Görüşü stadion ətrafındakı nəhəng televiziya vasitəsilə izləyən azarkeşlər yenə “Fənərbağça”nı UEFA-dan cəza təhlükəsi ilə üz-üzə qoyublar. Onların atdığı fişəngin yanması nəticəsində meydanın üzərini tüstü bürüyüb. Fransalı baş hakim Antoni Qotye matçı dayandıraraq, tüstünün çəkilməsini gözləyib. Bir neçə dəqiqədən sonra oyun davam etdirilib. Qarşılaşmanın UEFA nümayəndəsi Stefano Farina baş verənlərdən əsəbiləşib: “Bunu edənlərin ağlı çatışmır. Həm Türkiyə bayrağını yandırırlar, həm də klublarının yenə cəza almasına səbəbkar olurlar...”
Polis olayla bağlı 5 nəfəri saxlayıb.
Qeyd edək ki, “Fənərbağça” azarkeşləri bu mövsüm Avropa kuboklarında Rusiyanın “Spartak” və Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandaları ilə görüşlərdə də meydana yad əşyalar atıblar. Ona görə də UEFA BATE ilə qarşılaşmanın azarkeşsiz keçirilməsinə qərar verib.