“Azərbaycanla görüşdə yalnız kağız üzərində favoritik. Lakin öz oyunumuzu göstərib, qələbə qazanmağa çalışacağıq”. Apasport.az xəbər verir ki, bu sözləri Norveç millisinin kapitanı Per Villian Skyelbred deyib.
Sabah AVRO-2016-nın seçmə mərhələsində millimizlə üz-üzə gələcək skandinaviyalıların yarımmüdafiəçisi vacib oyuna çıxacaqlarını bildirib: “Komandamız üçün çox vacib görüşdü. Qrupun son 2 oyununda qalib gəlmişik və bunun davamını gətirmək istəyirik. Əgər bu matçda da qələbə qazansaq, bizim üçün yaxşı nəticə olacaq. Çünki İtaliya və Xorvatiya kimi komandaların yer aldığı qrupda 4 oyuna 9 xal pis olmaz. İnanırıq ki, vəzifəmizin öhdəsindən gələ biləcəyik. Azərbaycanın İtaliya və Xorvatiyaya qarşı keçirdiyi oyunları izlədik. Yüksək motivasiyalı və çalışqan bir komandadı. Daha çox müdafiəyə diqqət yetirirlər”.
Skyelbred millimizin qrupda 0 xal toplamasına belə şərh verib: “Rəqibimiz qrupda 0 xal toplayıb. Bu, bəzilərini aldada bilər. Amma bu onların tam gücündən xəbər vermir. Məsələ, evdə Bolqarıstandan xal ala biləcəkləri halda, 1:2 hesabı ilə məğlub oldular. Bu komanda təhlükəli rəqibdi”.
27 yaşlı futbolçu ölkələr arasında 3 saatlıq fərqin onlara problem yarada biləcəyini sözlərinə əlavə edib: “Norveç və Azərbaycan arasında 3 saatlıq fərq var. Bu bizə müəyyən problemlər yaradacaq. Çünki uyğunlaşmaq baxımından əziyyət çəkəcəyik. Bütün çətinlikləri aradan qaldırmaq üçün var gücümüzlə çalışmalıyıq”.
Qeyd edək ki, Azərbaycan – Norveç matçı sabah saat 21:00-da “Bakcell Arena”da start götürəcək.