Futbol üzrə 2020-ci il Avropa çempionatı Avropanın 13 şəhərində keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar çıxarıb.
Qərarda bildirilir ki, hər ölkə maksimum 1 şəhərdə oyun təşkil etmək hüququna malik olacaq. Hər iki yarımfinal matçı və final eyni arenada baş tutacaq. Hər bir milli assosiasiya 2 sifariş ərizəsi – “12 standart paket” və “yarımfinallar+final”a verə bilər. Yarımfinallar və final üçün stadion 70 min, ¼ final oyunları üçün 60 min, 1/8 final və qrup oyunları üçün isə 50 min tamaşaçı tutumuna malik stadion olmalıdır. Habelə, istisna hal kimi 30 min nəfərlik 2 stadion da nəzərdən keçiriləcək. Sifariş ərizəsinə tikintisi 2016-cı ilədək başa çatacaq stadion layihələrinin də salınması mümkündür. Vəd olunan müddətdə stadion hazır olmasa, UEFA həmin ərizə ilə bağlı qərarına yenidən baxa bilər.
Final mərhələsində 6 qrupun hər birində çempionatın təşkilatçı komandalarından maksimum 2-si ola bilər. Onların hər birinə qrup mərhələsində minimum 2 ev matçı təminat veriləcək. “Pley-off” mərhələsi üçün heç bir belə zəmanət nəzərdə tutulmayıb. Komandaların qruplara bölgüsündə standart püşkatma sistemindən istifadə olunacaq. Lakin təşkilatçı komandaların bölgüsündə məsafə də diqqətə alınacaq. Yəni, bir qrupun oyunlarının keçiriləcəyi stadionlar arasında uçuş məsafəsi 2 saatı keçməməlidir. Çempionat zamanı məşq bazalarının seçimi müstəqil həyata keçiriləcək. Onlar oyunların keçiriləcəyi şəhərlərdən hansındasa qalmağa məcbur deyillər.
Sifariş ərizələrinin verilməsi üçün müddətlər də müəyyənləşib. 2013-cü il martın 28-dək sifariş verilmə tələbləri və qaydaları aydınlaşacaq. Apreldə tələblər dərc olunacaq və sifariş ərizəsi verilmə prosesi başlanacaq. Sentyabrda namizədlər ərizələrini formal təsdiqləyəcəklər. 2014-cü ilin aprel-may aylarında namizədlərə dosyelər təqdim olunacaq və sifariş ərizələrinin qiymətləndirilməsinə başlanacaq. Həmin ilin sentyabrında isə UEFA İcraiyyə Komitəsi təşkilatçı şəhərləri açıqlayacaq.
Qeyd edək ki, 2020-ci il Avropa çempionatında 24 ölkə yığması mübarizə aparacaq.